TQDK kolleclərə qəbul şərtlərini açıqlayıb

TQDK kolleclərə qəbul şərtlərini açıqlayıb
  30 İyul 2013    Oxunub:6889
Kolleclərə (11 illik təhsil bazasında) qəbula dair jurnal nəşr olunub.
AzVision.az xəbər verir ki, jurnalda kolleclərə qəbul elanının tam mətni dərc olunub:

1. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

2. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. Оrta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək qaydaları aşağıdakı şəkildədir: - I qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I, II, III və ya IV qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. - II qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I və ya IV qrupu üzrəimtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. - III qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun III qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

3. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının seçimi avqustun 18-dən avqustun 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları ilə yanaşı (həmin ixtisaslar jurnalın bu sayında təqdim edilmişdir) ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunacaq) göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları www.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir.

Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir.

Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

4. Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları ixtisaslar siyahısında ulduz (*) işarəsi ilə qeyd olunmuşdur.

Bu ixtisasları yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanlarında topladıqları balı 20 və daha yüksək olan abituriyentlər seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü 1 saylı cədvəldə təqdim olunub.

Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı verilir. Ali təhsil müəssisələrinin “Təsviri sənət”, “Dekorativ-tətbiqi sənət və dizayn”, “Heykəltəraşlıq” “Memarlıq”, “Dizayn” komissiyalarında qabiliyyət imtahanından topladığı yekun balı 3 və daha yüksək olan, “Təsviri incəsənət müəllimliyi”, “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” komissiyalarında isə “məqbul” alan abituriyentlər orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.

5. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir: • təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya” və “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; • test imtahanının əsas fənləri üzrə nisbi balların cəmi; • test imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi; • test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı; • test imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı; • test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

6. Hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 günədək müddətdə qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, kolleclərə qəbul həm 9 illik təhsil bazasından, həm də 11 illik təhsil bazasından aparılır.

11 illik təhsil bazası üzrə kolleclərə ayrıca imtahan keçirilmir və qəbul yalnız ali məktəblərə keçirilmiş imtahanda toplanmış ballar əsasında müsabiqə yolu ilə həyata keçirilir.

Artıq 11 illik təhsil bazası üzrə qəbul qaydaları, qəbul elanı, qəbul aparılan ixtisasların siyahısı və digər zəruri məlumatlar qeyd olunan jurnalda təqim olunub.


Teqlər:  





Xəbər lenti