Mikrobiologiya İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

   Mikrobiologiya İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
  26 Sentyabr 2024    Oxunub:318
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki , əvvəlcə tədbir iştirakçıları Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Tədbiri açan Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.



Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində əldə edilən diplomatik uğurların bu Qələbəyə zəmin yaratdığını söyləyən Pənah Muradov xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

İnstitutun Bioloji aktiv maddələr laboratoriyasının müdiri Elman İsgəndər çıxışında Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük Zəfərə nail olduğunu, bu Qələbədə hərbçilərimizin, eləcə də gənclərin əsl vətənpərvərlik nümunəsi göstərdiyini deyib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin həmişə uca tutulacağını vurğulayıb.

Sonda institutun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti