Tədbirdə dövlət nümayəndələri, İDEİA Space şirkətinin rəsmi heyəti və 80 ümumi təhsil mərkəzinin müəllimləri iştirak ediblər. Açılış mərasimində iştirak edən qonaqlar müsabiqənin əhəmiyyətindən və onun gələcəkdə ölkənin elmi və texnoloji inkişafına töhfə verəcək rolundan bəhs ediblər.
Azərkosmosun İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov, layihənin Azərbaycan məktəblilərinin elmi və texnoloji bacarıqlarını inkişaf etdirmək üçün böyük bir fürsət olduğunu vurğulayıb. Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin sədrinin müavini Rəşad Xalıqov, müsabiqənin Azərbaycan gənclərinin innovasiya və texnologiya sahəsindəki potensialını artıracağını qeyd edib.
Braziliya Kosmik Agentliyinin direktoru Paolo Gessini və IDEIA Space şirkətinin icraçı direktoru Leonardo Souza, müsabiqənin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar.
Açılış mərasimində KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov, müsabiqənin məqsəd və mərhələləri haqqında təqdimat edib. O, həmçinin fasilitator müəllimlər üçün təşkil olunmuş 5 günlük Təlimçilərin Təlimi (TOT) proqramı haqqında geniş məlumat verib.
“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” Azərkosmosun KOSMİK Akademiyası ilə Braziliya Kosmik Agentliyinin əməkdaşlığı çərçivəsində IDEIA Space şirkətinin tədris proqramı əsasında həyata keçirilir. Müsabiqədə 40 özəl və dövlət məktəblərindən 650 şagird iştirak edəcək. Şagirdlər, beynəlxalq standartlara uyğun "PocketQube" piko-peykləri quraraq kosmik missiyaların inkişafında iştirak edəcəklər. Qalib komanda tərəfindən hazırlanan 101-ci peyk daşıyıcı raketlə kosmik orbitə çıxarılacaq.
Layihə çərçivəsində məktəblilər proqramlaşdırma, layihə idarəetməsi, elektronika və peyk dizaynı sahəsində nəzəri və praktiki biliklər əldə edəcək, həmçinin komanda işini təkmilləşdirəcəklər. Bu müsabiqə Azərbaycanda gənc nəsli kosmik araşdırmalar və innovativ texnologiyalara maraq göstərməyə təşviq edəcək və ölkənin elmi inkişafına mühüm töhfə verəcək. Müsabiqə, Azərbaycanın kosmik sahədəki beynəlxalq mövqeyini daha da gücləndirərək gənc istedadların bu sahədə inkişafına dəstək verəcək.
AzVision.az