Vayra Vike-Frayberqa: "Maarifləndirmə kampaniyaları daha geniş olmalıdır"

      Vayra Vike-Frayberqa:    "Maarifləndirmə kampaniyaları daha geniş olmalıdır"
  15 Mart 2025    Oxunub:651
Dünyada baş verən hər bir proses qadınlara təsir edir. Əgər nəyi isə təkmilləşdirmək istəyiriksə, qadınların dəstəyini almalıyıq.
AzVision.az xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gender - Təhlükəsizlik - İqlim Bağlantısı” adlı panel iclasında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa səsləndirib.

Müharibə və digər fəlakətlərin hər birinin qadınlara təsir etdiyini deyən sabiq Prezident qeyd edib ki, üstəlik, bu təsir qeyri-mütənasib şəkildə baş verir.

O, dünyanın müəyyən bölgələrində coğrafi yerləşmə səbəbindən insanlar risk altında yaşadıqlarını, lakin qadınların bu risklərə daha çox məruz qaldıqlarını vurğulayıb.

“Qida məhsullarının çatışmazlığı qadınlara daha çox təsir edir. Kənd təsərrüfatı sahəsində çalışan qadınlar daha kasıbdır və onlar su çatışmazlığı kimi problemlərlə üzləşirlər. Bu sahədə çalışan qadınlar çox vaxt məcbur olub suya görə uzun məsafələr qət edirlər. Bu zaman isə daha böyük təhlükələrlə üz-üzə qalırlar”, - siyasətçi bildirib.

Vike-Frayberqa qeyd edib ki, bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır: “Cəmiyyətə izah etməliyik ki, bu, sadəcə şüar deyil – biz real təsirlərə nail olmaq üçün çalışırıq”.


Teqlər: Forum   Frayberqa  





Xəbər lenti