Barbarlığa münasibət bildirən Ermənistanın baş nazirinin mətbuat katibi tərəfindən yayılan bəyanat, təəssüf ki, vəziyyətin ciddiyyətinə uyğun deyil. Bir müddət əvvəl də Ermənistanın ev sahibliyi etdiyi idman tədbirində erməni idmançı Aram Nikolyan tərəfindən Azərbaycan bayrağına qarşı vandallıq edilmişdi. Ermənistan hökumətinin həmin şəxsi cəzalandırmaması belə halların təkrarlanmasına şərait yaratmış oldu.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Aram Nikolyanın əməlləri ilə bağlı cinayət işi açıb. Hazırda Bakıda separatçı rejimin rəhbərlərinin məhkəmə prosesinin davam etməsi də göstərir ki, Azərbaycan qanunları qarşısında heç kim məsuliyyətdən yayına bilməyəcək. Ədalət gec də olsa, yerini tapır.
Sülh prosesinin məntiqi sonluğa çatması üçün Azərbaycanın irəli sürdüyü iki əsas tələb hələ də gündəmdədir:
• ATƏT-in Minsk Qrupunun tamamilə ləğvi;
• Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların çıxarılması.
Son hadisə bu tələblərin haqlı olduğunu bir daha sübut etməklə yanaşı, Azərbaycanın prosesə yeni bir tələb əlavə etməsinə də zəmin yaradır:
• Azərbaycan və Türkiyə bayraqlarına qarşı vandallıq aktını törədənlərin hüquqi məsuliyyətə cəlb olunması və cinayətkarların cəzalandırılması.
Bu tələb beynəlxalq hüquqa və Ermənistan qanunvericiliyinə tam uyğundur. Belə ki, Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 331-ci maddəsinə əsasən, dövlət rəmzlərinə, istər yerli, istərsə də xarici ölkələrin rəmzlərinə qarşı yönəlmiş hörmətsizlik cərimə və ya 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hüquqi baza mövcuddur, indi isə əsas məsələ onun tətbiqidir.
Dövlət rəmzləri hər bir ölkənin suverenliyinin və milli kimliyinin simvoludur. Onlara qarşı istənilən təhqiramiz hərəkət yalnız diplomatik münasibətləri deyil, eyni zamanda danışıqlar prosesini, tərəflər arasında yaranmış etimadı da təhlükə altına ata bilər. Belə emosional fon tərəfləri əldə olunmuş razılaşmalardan uzaqlaşdıra və yeni gərginlik mərhələsinə gətirib çıxara bilər. Bu isə şübhəsiz ki, Ermənistan üçün arzuolunmaz ssenaridir. Sülh, yalnız hüquq qarşısında məsuliyyət və siyasi iradə ilə mümkündür.
Aqil Məmmədov
AzVision.az