Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

   Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
  19 May 2025    Oxunub:326
Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə Oman Sultanlığının Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin rəisi Mohammed Bin Nasir Al-Mabsali rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, o cümlədən, hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları, ölkəmizin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Oman Sultanlığı arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, hər iki ölkənin vətəndaşlarına effektiv konsulluq yardımının göstərilməsi istiqamətində müzakirələr keçirilib. Konsulluq xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında ədliyyə, daxili işlər, təhsil, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti