Rafiq Tağının reallaşmayan arzusu

Rafiq Tağının reallaşmayan arzusu
  05 Avqust 2013    Oxunub:1993
`Qardaşları çalışırdı ki, o Azərbaycandan getsin, amma özü getməyə tam israrlı deyildi`
Bu gün 2011-ci ildə qətlə yetirilmiş yazar Rafiq Tağının doğum günüdür. Bununla bağlı AzVision.az vaxtı ilə Rafiq Tağı ilə yaxın olmuş ictimai şəxslərin xatirələrini bölüşüb.

Yazıçı, jurnalist Rasim Qaraca:

- Rafiqlə təmasda olan insanların həyatının iki mərhələsi var: Rafiqə qədərki və Rafiqdən sonrakı. Çünki Rafiq ideal təmiz bir insan idi, həm ədəbiyyata təmənnasız bağlılığında, həm dostlara qarşı münasibətdə yeri doldurulmayacaq bir nümunə qoyub getdi, artıq ondan sonra bir çox şeylər həqiqətən mənasını itirdi deyərdim...

Rafiq haqqında maraqlı xatirələrdən biri belədir: Cəmi bir dəfə bizim evdə qonaq olub. Bu da tarixi bir günə təsadüf edib. Oturub çay içdiyimiz yerdə birden tv-də qəribə şeylər göstərməyə başladılar.

Kanalları dəyişdik, baxdıq ki, hər yerdə eyni kadrlardır. Dəhşət içində seyr edirdik. 2001-ci il idi, 11 sentyabr hadisəsi baş vermişdi. Sonralar hər dəfə Rafiqi evə dəvət edəndə zarafatla deyirdi: "Gələrəm e, ancaq qorxuram dünya dağılar".

Rafiq haqqında danışılacaq çox şeylər var... Ölümündən bir neçə ay öncə məzuniyyətə çıxmışdı. Söhbət sırasında "İnsan bu dünyaya gələ, İstanbulu görmədən gedə, böyük qəbahətdir. Kaş imkanım ola, İstanbula gedəm" demişdi. Belə bir arzusu vardı. Amma gedə bilmədi. Uşaq kimi sadəlövh idi. Həm ədəbiyyatda, həm də həkimlik sənətində təmənnasız idi. Yaxşılıqların qələbə çalacağına ən son dərəcədə inanırdı. Ətrafından yaramazlıq deyil, xeyirxahlıq gözləyirdi hər zaman... Heç kəsdən umacağı yox idi, buna görə də sözünə çəpər qoymazdı. Rafiq, sözün əsl mənasında, haqq aşiqi idi.


“Qanun“ nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:

-Rafiq Tağı ilə tanışlığım ilk dəfə 1998-ci ildə redaktorların aclıq aksiyası zamanı olub. Rafiq Tağı həkim kimi redaktorlara nəzarət edirdi. O zaman bizim yaxın təmasımız olmuşdu. Düzdür o vaxta qədər Rafiq Tağı tanınırdı. Yeni Müsavatda köşə yazıları yazırdı. Və onun Mirzə Cəlil ilə bağlı məşhur yazısı var idi ki, cəmiyyətdə xeyli rezonansa səbəb oldu. Hansı ki, o zamanlar cəmiyyətdə bu cür yazılar yazmaq qəbul edilməz idi. Yəni cəmiyyət bu cür yazılara öyrəşməmişdi. Və eyni zamanda hekayələrindən oxumuşdum. Rafiq Tağı o vaxta qədər daha çox ədəbiyyat adamı kimi tanınırdı. Amma aclıq aksiyasında bəlli oldu ki, bu həm də yaxşı bir həkimdir. Sonradan “Avropa və biz” adlı yazısı çıxarkən yenə də bizm çox sıx əlaqəmiz oldu. Rafiqin Azərbaycandan getməyi ilə bağlı məsləhətləşmələrimiz oldu. Qardaşları çalışırdı ki, o Azərbaycandan getsin, amma nə isə özü getməyə tam israrlı deyildi. Mən də dedim ki, əgər həyatınla bağlı təhlükə varsa getməlisən. Gərək bir yazıçı təhlükə ilə üz- üzə getməsin. Çünki yazıçı qladiotor deyil. Düşünürdüm ki, dinlə baqlı aqressiya sistemli və ardıcıl olmur, o yaranır və bir müddətdən sonra sönür. İstəyirdim ki, o getsin, aqressiya yatandan sonra yenidən qayıtsın. Müəyyən səfirliklərlə də əlaqə saxladım. Onunla görüşməyə razı idilər. Amma təssüf ki, o zaman onu həbs etdilər. Bizim işimiz alınmadı. Sonradan bu hadisə baş verdi. Hadisədən dərhal xəbərdar olmadığıma görə bir gün sonra getdim və gördüm ki, onun üzərində heç bir nəzarət yoxdur. Baxmayaraq ki , bıçaqlanıb, ağır xəsarət alıb, xüsusi bir rejimlə qorunmalıdır. Gördüm ki, üzərində nə ciddi həkim nəzarəti , nə də orada növbə çəkən jurnalistlər var. Bunlar məni qorxutdu və biz bu məsələni yazmağa, yaymağa başaldıq ki, bəs bu insan burada bıçaqlanıb və nəzarət yoxdur. Ondan sonra media, Azadlıq radiosu gəldi və hadisəni davamlı canlı izləmyə başladı.

Təssüflər olsun ki, hadisələri biz canlı izləsək də, özü canlı qalmadı.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti