Hərarətsalıcı dərman müəmması: Ölkəyə gəlir, aptekdə tapılmır

      Hərarətsalıcı dərman müəmması:    Ölkəyə gəlir, aptekdə tapılmır
  03 Fevral 2023    Oxunub:1175
Mövsümi xəstəliklərin yayılması hərarətsalıcı dərmanlara olan təlabatı da artırıb. Amma uşaqlar üçün lazım olan "Nurofen", “İbufen”, “Panadol” tərkibli preparatları valideynlər bir neçə aydır apteklərdən tapa bilmir. Eyni zamanda onları əvəzləyən dərmanlar da yoxdur.
Məsələ ilə bağlı bir neçə apteklə əlaqə saxladıq. "Rəşid Behbudov 48A" küçəsində yerləşən "Mərkəzi depo" aptekdən uşaqlar üçün hərarətsalıcı dərmanların uzun müddət gəlmədiyini bildirdilər.

"Hazırda adı çəkilən heç bir sirop yoxdur. Srağagün 5 dənə "Nurafen" siropu gəlmişdi. Tez zamanda bitdi. Bu dərmanlar çox az gəlir. Bunları bizə Rusiyadan gətirirlər. Deyirlər ki, orada da vəziyyət qarışıq olduğu üçün gətirilməsində problem var. Qiymətləri isə dəyişilməyib".

Növbəti əlaqə saxladığımız "Şəfa depo" aptekdən də eyni cavabı aldıq: "Qızdırma salan siroplar gəlmir, hazırda yoxdur. Moskvadan gəlmədiyi üçün belədir" .

Dərmanların tapılmamasını təsdiqləyən pediatr Qoşqar İsmayılov valideynlərin bu vəziyyətdən narahat olduğunu bildirib:
"Ənənəvi hərarətsalıcı siroplar yoxdur. Həkim nəzarəti altında dərmanların tabletka variantını dozalara bölüb, istifadə etmək olar. Bunlar da tapılmasa, o zaman ilkin yardım kimi soyuq prosedurlardan istifadə edə bilərlər. Dəsmalı yaş edib alın və qolların üzərinə qoymaq, ilıq duş qəbul etmək olar".

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün​ dünyada baş verən qlobal proseslər enerji daşıyıcılarının qiymətinin artmasına, logistika xərclərinin və xammalın qiymətinin qalxmasına səbəb olur.

"Eyni zamanda müharibə, logistik marşrutların dəyişməsi, istehsal xərclərini artırır və nəticədə qlobal təchizat zəncirində qırılmalar müşahidə olunur. Bu proseslər Azərbaycana da təsir edir. Nəzərinizə çatdırırıq ki, bəzi dərman vasitələrinin qıtlığı təkcə bizim ölkədə yaşanmır. Avropa, Rusiya və Türkiyə bazarlarında da müəyyən dərmanların çatışmazlıqları var ki, bunu da səbəbi qeyd etdiyimiz qlobal proseslərdir".

Qurumdan bildirilib ki, belə bir vəziyyətdə Azərbaycan hökuməti də yarana biləcək risklərin minimallaşdırılması üçün tədbirlər görür.

​"Qeyd edək ki, Azərbaycan dərman vasitələrində idxaldan asılı ölkədir, istehsal sahələri yeni qurulmağa başlayır. Ölkə rəhbərliyinin, şəxsən cənab Prezident İlham Əliyevin​ tapşırığı ilə Pirallahı və Ələt Azad İqtisadi Zonasında bu istiqamətdə işlər aparılır, qısa müddətdə Azərbaycanın özünü bəzi dərman vasitələri ilə təmin edə bilməsi üçün zəruri addımlar atılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradılıb. Komissiya tərəfindən hazırlanmış qanunvericilik təşəbbüsləri Hökumətə təqdim edilib. Razılaşdırılmış təkliflər hazırda yekunlaşma mərhələsindədir".

AEM-dan bildirilib ki, Azərbaycana dərman vasitələrinin idxalı ilə özəl şirkətlər məşğul olur. Mərkəzin səlahiyyətlərinə yalnız dərman vasitələrinin keyfiyyətinin laborator analizi və sənədlərini uyğunluğunu yoxlamaq daxildir.

Lakin qurum adıçəkilən siropların sonuncu idxal məlumatlarını da AzVision.az -a təqdim edib.

Belə ki, "Panadol baby" suspenziya - 28.12.2022-ci ildə 3960 qutu, 12.01.2023-cü ildə 180 qutu və 18.01.2023-cü ildə 3960 qutu idxal edilib.

"Nurofen" suspenziya - 21.12.2022-ci ildə 26​ 976 qutu, 18.01.2023-cü ildə 27​ 024 qutu və 19.01.2023-cü ildə 29​ 004 qutu idxal edilib.

"İbufen" suspenziya - 25.01.2023-cü ildə 15​ 364 qutu idxal edilib.


Bu ilin yanvar ayında ölkəyə hərarətsalıcı dərmanlar gətirilsə də, onların apteklərdə tapılmamasına bəs səbəb nədir?

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti