Alimlər Marsda qədim göl izləri aşkarlayıblar - FOTOLAR

   Alimlər Marsda qədim göl izləri aşkarlayıblar  - FOTOLAR
  16 Yanvar 2025    Oxunub:347
Beynəlxalq alimlər qrupu Marsda növbəti kəşfə imza atıblar.
Elm adamları "qırmızı planet"də qədim zamanlarda buzsuz su hövzələrinin mövcud olmasını sübut ediblər. Söhbət günümüzə qədər gəlib çıxan su dalğalarının izlərindən gedir. Qayalarda qorunub saxlanılan bu dalğa izləri təxminən 3,7 milyard il əvvələ aiddir. Ləpələrin yaratdığı izlər planetin iqlimi isti və normal olduğu zamanlarda əmələ gəlib. Araşdrımanın nəticələri Science Advances jurnalında dərc olunub.

Lev Zeleni: "Marsa uçuş geri dönüşü olmayan bir yoldur"
Geyl kraterində tapılan dalğa izlərini Marsda hərəkət edən Curiosity adlı aparat tapıb. "Bunlar bir-birindən dörd-beş santimetr məsafədə yerləşən cəmi altı millimetr hündürlüyündə olan kiçik dalğa izlərinə bənzər strukturlardır. Alimlər belə hesab edirlər ki, bu cür təbii formalar ancaq küləyin və suyun təsiri altında dayaz sularda və iki metr dərinliyə qədər yarana bilərdi", -məqalədə yazılıb.

Məlum elmi araşdırmanın aparıcı müəllifi, Kaliforniya Texnologiya İnstitutundan olan Kler Mondro deyib ki, bu yeni tapıntı əvvəlki nəzəriyyələrin doğruluğunu sübut edir: "Dalğa izlərinin bizə tanış forması bir zamanlar bu göllərdə küləyə məruz qalan suların dövr etməsini açıq şəkildə göstərir".

Tədqiqatçılar həmçinin iki fərqli qaya təbəqəsində müxtəlif vaxtlarda su hövzələrinin mövcudluğunu göstərən dalğalanma izlərini də tapıblar. Onlardan biri, "Prou" kimi tanınan, küləkli təpələr ərazisində əmələ gəlib. "Ampari" adlanan digər qayalıqlardakı izlər isə dərinliyi iki metrə qədər olan gölün mövcudluğuna işarə edir.

Bundan öncə Çinin “Zhurong” aparatı qədim zamanlarda Marsda mövcud olmuş nəhəng okeanla bağlı nəzəriyyəni dəstəkləyən yeni dəlillər aşkar etmişdi. Cihaz okeanın sahil xəttinin mümkün izlərini tapıb.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Mars   Göl   Dalğa  





Xəbər lenti