Prezidentdən yerli icra orqanlarına xəbərdarlıq

Prezidentdən yerli icra orqanlarına xəbərdarlıq
  15 Avqust 2013    Oxunub:1249
`Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər`.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı bildirib.

` Bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artıb. Ümumi iqtisadiyyatımız 5 faiz artıb. İş yerləri açılıb. O cümlədən bölgələrdə quruculuq işləri görülüb, infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda bir dənə də olsun sosial infrastruktur layihəsi dayandırılmayıb. Bax, bu su layihələri, doğrudan da, böyük vəsait tələb edən layihələrdir.

Hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni, o vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaqdır`

`Ancaq bu gün iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk.
Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin edir`,deyə prezident qeyd edib.

İlham Əliyev bildirib ki, Azərbaycan bölgənin lider dövlətidir:
`Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola bilmişik? Biz bölgələri necə canlandıra bilmişik?

Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər zəif gedir. Ona görə, mən də çalışıram ki, bütün rayonlarda mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə görüm.

Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcəkdir.

Bütün vəzifəli şəxslər qarşısında qoyduğum əsas tələbləri mən qeyd etdim. Bir daha demək istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir`.




Teqlər:  





Xəbər lenti