"İranda internet zəifdir, Vasiflə çox az əlaqə saxlaya bilirik "

   "İranda internet zəifdir,    Vasiflə çox az əlaqə saxlaya bilirik   "
  29 Yanvar 2023    Oxunub:1373
"Oğlum Azərbaycana gəlmək və ailəsinin yanında olmaq istəyir. Həkimlər ona yola çıxmağa icazə verir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib. O bildirib ki, ailəsi həsrətlə Vasifin yolunu gözləyir.

"İranda internet zəifdir. Ona görə də çox az əlaqə saxlaya bilirik. Vasiflə əməliyyatdan sonra danışdım. Yaxşı olduğunu bildirdi.

Yəqin ki, bu gün vəya sabah gələrlər, amma hələ dəqiq məlumat yoxdur. Biz də gözləyirik. Dünən də gözlədik. Həkimlər deyib ki, yola çıxa bilər, səhhəti buna imkan verir. Özü də gəlmək istəyir. Yaralıdır, ailəsi, vətəni buradadır.

Səfirlikdə işləyənlərin hamısını təxliyyə edib geri qaytarırlar. Ehtimal ki, hamısı bir yerdə gələr. Sənədləşmə işləri gedir. Vasifin özünün də dəqiq məlumatı yoxdur".

Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.Onlardan biri də Vasif Naqif oğlu Tağıyevdir. O, əliyalın olmasına baxmayaraq silahlı terrorçunu zərərsizləşdirə və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti