Çinin ABŞ-yə satdığı smartfonların sayı azalıb

Çinin ABŞ-yə satdığı smartfonların sayı azalıb
  20 May 2025    Oxunub:425
Çin mallarının ABŞ-yə ixracı aprel ayında 21% azalaraq, son illərdəki ən aşağı səviyyəyə düşüb.
AzVision.az xəbər verir ki, “İnterfaks” agentliyinin Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yaydığı xəbərə görə, azalma xüsusilə smartfon seqmentində kəskin şəkildə özünü göstərib. “Apple” şirkətinin məhsulları da daxil olmaqla cihazların tədarükü 72% azalaraq 700 milyon dollardan az məbləğ təşkil edib. Bu, 2011-ci ildən bəri ən aşağı göstəricidir.

İkitərəfli ticarətin azalması mart ayında, Donald Tramp administrasiyası tərəfindən yeni tariflər rəsmən tətbiq edilməzdən əvvəl başlayıb. Xüsusilə Çin Amerika ətinin alışını 29% azaldıb və ABŞ-nin Çinə neft ixracı 2024-cü ildəki zirvə ilə müqayisədə 90% azalıb.

“Qarşılıqlı tariflərin hazırkı səviyyəsi artıq embarqonun iqtisadi ekvivalentinə yaxınlaşır”, - ABŞ-nin Maliyyə naziri Skot Bessent bildirib.

Pekin Vaşinqtona şərt qoyub
Lakin ötən həftə tərəflər 90 gün müddətinə tariflərin müvəqqəti azaldılması ilə bağlı razılığa gələ biliblər ki, bu da vəziyyəti qismən yüngülləşdirməlidir.

Buna baxmayaraq, iki ölkə arasında gərginlik qalmaqdadır. Pekin ABŞ-nin Ticarət nazirliyinin “Huawei” şirkətinin süni intellekt çiplərindən qlobal istifadənin ixraca nəzarət pozuntusu kimi qiymətləndiriləcəyi barədə açıqlamasına kəskin reaksiya verib. Artan gərginlik fonunda Pekinin Avropa biznesindən iqtisadi-siyasi dəstək istəməsi bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   smartfon  





Xəbər lenti