Mızqoyanlar şəbəkəsi – Sənan Nəcəfov yazır

Mızqoyanlar şəbəkəsi – Sənan Nəcəfov yazır
  16 Aprel 2018    Oxunub:11042
Azərbaycanda Sovet dönəminin sonlarında hamı özünü azadlıq mücahidi, demokratiya aşiqi kimi görür və ya belə görünməyə çalışırdı. “Demokrat” görünmək və ya hesab edilmək o vaxt mövcud olan ağlı-qaralı mətbuatı, broşurları oxumaq, demokratiya nağıldanışanlarının sözlərinə qulaq asmaq və mitinqlərdə “azadlıq” qışqırmaq yetərli idi. Əlavə xüsusi istedad da tələb olunmurdu. Oxuyurduq-qulaq asırdıq-inanırdıq və nifrət edirdik, vəssallam.
“Demokratlar” hakmiyyətə gələndən sonra bu metod əvvəl gülünc göründü, sonra ikrah oyatdı. “Biz, gör, nələrə inanmışıq, nələrə”,- deyən dost-tanışımız çoxdur. Zəmanə, dövr, ictimai-siyasi mühit, formasiya, daha nə bilim nə dəyişib, lakin həmin metodika hələ də qüvvədədir. İndi hələ də İsgəndər Həmidov əlində “bozqurd” konfiqurasiyası tutub, Şəhidlər Xiyabanını ziyarət edir, halbuki o dövr keçib. “Demokratlar” 25 ildir eyni nağılı danışır, söyüş çağırışlı mitinq təşkilatçıları eyni səhvi təkrarlayırlar. Yalnız bizim oxuduğumuz ağ-qaralı medianı internet media əvəzləyib. Bir də o vaxt mitinqə yalvarıb iştirakçı çağırmırdılar. Və bir fərq ondadır ki, o vaxt ağlı-qaralı qəzet buraxanların əxlaqı, abırı, tərbiyəsi var idi, namus, ana-bacı qədri bilirdilər. İndikiləri qınamaq da olmur. Söyüşün ikibaşlı olduğunu bilməmiş deyillər. Yəqin ki, gündə bir sevgili dəyişən kral çəyirtkə qanı ilə mayalanıblar.

Bəli, internet - öz fikirlərini sərbəst, kənar təsir olmadan, azad yazmaq üçün unikal imkandır. Həm də kütlə şüuru ilə manipulyasiya, sadəlövh izləyicini aldatmaq üçün də imkanlar okeanıdır. Xüsusən də gəncləri. Ötən yazılarımızda bu sxemi aydın izah etmişik: informasiya müharibəsi- nüfuz agentləri-manipulyasiya-yalan.

Əgər hər şeyi öz adı ilə çağırırqsa, etiraf edək ki, bu, dövlətə qarşı düşünülmüş, idarə olunan, total, planlı hücumdur. Oxucu (sıravi vətəndaş) məlumatsızdır ki, eyni zamanda hər yerdə yazılan tənqid, təhqir, məlumatın ssenari müəllifləri var və bunlar hamısı eyni mərkəzdən idarə olunurlar. Sıravi vətəndaş bunu qəbul edə bilmir ki, hazırlanmış əksər mübarizə metodları əsl liberalizmdən, demokratiyadan çox-çox uzaqdır, daha çox Azərbaycanı qaralamaq, Qərbə səcdə, anarxizm və “rejimlə” fasiləsiz, əbədi mübarizə şousudur.
Mövzudan kənara çox çıxmayaq. Uzun müddətdir ki, sosial şəbəkələrdə manipulyasiya, anti-təbliğat, kütlənin çaşdırmaq, yalan informasiyanı yaymaq texnologiyaları ilə bağlı araşdırma aparırdıq. Müəyyən etmək istəyirdik ki, Azərbaycan sosial şəbəkə istifadəçisi xüsusi qruplar tərəfindən hazırlanmış məqsədli yayılmış status, şərh, replika və polemikalara nə reaksiya verir. Bir çoxunu toplayaraq ümumiləşdirdik. Onlardan qruplaşdırdığımız bəzilərini təqdim edirik.

Götürək adi bir xəbər başlığını, misal üçün, “Azərbaycanda düymə istehsal edilir”. İndi bu mövzuda yazılan şərhlərə baxaq:
- “İstehsal edilən düymə hamıya çatmır...”,
- “Gör, nə gündəyik ki, biz düymə idxal etməyə məcburuq”,
- “Əslində bizdə olan düymə xaricdən gətirilir, sadəcə burada deşik açılır”,
- “Bizdə istehsal olunan düymə xaricdən gələnlərdən çox keyfiyyətsizdir”,
- “Gücləri ancaq düymə istehsalına çatır”,
- “Biz xaricin düymə bazarıyıq”
...və nəhayət, “Bizdə heç düymə istehsal etmək üçün xammal da yoxdur”.

İndi belə şərh, status yazanlara hansısa idman kompleksinin və ya mədəni mərkəzin açılması ilə bağlı xəbər verin, görün, nə oyun çıxardarlar. “Niyə zavod, fabrik deyil, istirahət mərkəzi açırsınız?”. Halbuki düymə istehsalına lağ edirdilər. Bu məsələdə o qədər neqativə, etiraza, mənasız inkarçılığa yükləniblər ki, adi Sokrat sualları ilə qarşı tərəfi tələyə salıb, yalnış yolda olduğunu dedizdirə bilərsən. Amma bunu etiraf etmək mümkün deyil, hətta yazdığını özünə çəkib göstərsən də xeyri yoxdur.

Başqa bir neçə misal: “Filan idarədə çalışan vəzifəli şəxs həbs olunub”. Belə xəbərə şərhlər necə olur?

- Belə kiçik çaplı məmur kimdi ki? Ondansa daha böyük məmur həbs edilməlidir, o bədbəxtin nə günahı var?
- Aha, başlandı, artıq hakimiyyətdə ikitirəlik başlandı
- İşdən çıxarılan bizim qohum idi. Kasıblara əl tutan, əməli saleh, vicdanlı biri kimi tanıyırdıq.
- Yəqin rüşvət götürmürmüş, ona görə
- Nolsun ki, həbs ediblər, onsuz da buraxacaqlar
- Cinayət işini necə açıblarsa, elə də bağlayacaqlar
- Milyon yeyintiyə görə cəmi 7 il? Bir az “lyuks” nömrədə qalar, daha sonra amnistiyaya düşər.


Təsəvvür edin, Ordu ilə bağlı paylaşım edirik, buna da şəbət qoşurlar. Misal üçün, “Ölkənin hərbi büdcəsi artıb” xəbər başlığına yazılan şərhlərə baxın:
- Orduya bu qədər vəsaitin ayrılmasının nə mənası var? Ondansa iqtisadiyyat gücləndirilsin
- Dünən şəhid vermişik
- Bir əməliyyatla yalnız 1 təpə ala bilən Ordunun nəyini tərifləyirsiniz?
- Dünən qohumum zəng eləmişdi, komandir kontur istəyir
- Niyə imkanlıların övladları ön cəbhədə xidmət eləmir

Peşmansan Azərbaycan polisi haqda xoş nəsə yazasan. Küçədə yaşlı qadına (kişiyə) yolu keçməyə yardım etməsini paylaşan kimi, “bu, onların vəzifə borcudur, niyə şişirdirsiniz?” deməkləri bir olur. Davamlı olaraq qanunsuz keçirilən piket zamanı polisin öz vəzifə borcunu yerinə yetirməsini əks etdirən foto paylaşır və mütləq “Bu polislərin anası-bayıssı yoxdur?” sualını verirlər.

Məqsəd Azərbaycanı biabır etməkdir? Təkcə bu deyil. Yəni, həm də biabır etməkdir. Bəllidir ki, Azərbaycana xüsusi diqqət ayıran beynəlxalq təşkilatlardan bəziləri külli miqdarda maliyyəyə malikdilər və bizimlə eyni aqibəti yaşayan ölkələrə qarşı həssasdılar, qarşıdurmada, xaos və anarxiyada maraqlıdılar. Onların hazırladıqları qərəzli hesabatlarda orta sıralarda yer almağımız da təsadüf deyil.

Biz guya korrupsiyaya qarşı mübarizə aparmırıq, bizdə mətbuat boğulur, biz xariciləri “kürü diplomatiyası” ilə ələ almışıq, tolerant deyilik, dini ayinlər yerinə yetirilmir və s. və i. Gülməlidir, xüsusən də Nigeriya, Şimali Koreya, banan respublikaları ilə müqayisə olunmağımız. Aydın məsələdir ki, bu hesabatları hazırlayanların öz ölkələrində 100 nəfərdən 5-i xəritədə Azərbaycanı göstərə bilməz. Bəlkə heç müəlliflər özləri də bilmirlər.

Dünyada kürü biznesi ermənilərin əlində, AŞPA deputatlarını “konyak diplomatiyası” ilə ələ alan ermənilər, hakmiyyət uğurnda mübarizədə rəqiblərini gülləboran edən erməni quldurbaşı, ölkələrində barmaqla sayılacaq qədər etnik xalqların nümayəndələri yaşayan ermənilər, dözümsüz, irqi-ayrıseçkilik salan, terroru dövlət siyasətinə çevirən, başqa dövlətin ərazisini işğal edən ermənilər, di gəl, yanan da biz, yaman da.

Bəzən sosial şəbəkələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikibaşlı müzakirələr açılır, fikirlər bildirilir. Aprel hadisələri göstərdi ki, xarici kəşfiyyat qrupları ölkə ictimaiyyətinə birbaşa təsir etmək gücündədir. “Nəyə lazım idi bu əməliyyat?”, “Guya nə qədər torpaq aldıq?”, “say-seçmə oğullarımız bir təpəyə qurban verildi”- deyib baş-beyin aparanlar, məhz hakmiyyəti Qarabağda müharibə etməməkdə günahlandıranlar idi. Və bu naqqallar bazarında bir də “Oliqarxlara görə niyə döyüşməliyəm? Niyə onların övladları cəbhə bölgəsində hərbi xidmət keçmirlər?” deyib fərarilik edənlər də var.

Bir faktı da deyək. Azərbaycan XİN Dağlıq Qarabağa qanunsuz səfər edənləri “qara siyahı”ya salır, bundan sonra ölkəmizə gediş-gəlişlərini əngəlləyir. Müxalif fikirli “liberalfasonlar” isə Azərbaycanın bu yolda ata biləcəyi yeganə diplomatik təsir vasitəsi olan “qara siyahı” silahını tənqid edir, gözdən salmağa çalışır, ələ salırlar, eynən ermənlər kimi.

Başqa bir məqam. Ermənilər 94-95-ci ildən bəri sülh prosesinin baş tutması üçün Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə qarantiya istəyirlər. Yaxşı, olsun, biz bunu verərik. Amma imkan verirlərmi? Leyla yunuslar, Xədicə İsmayıllar, Anar Məmmədlilər, Orduxanlar, onların idarə etdikləri media orqanları, saytlar, facebook səhifələri, Google+ qrupları maksimum dərəcədə çalışırlar ki, insan haqları, korrupsiya, media azadlığının pozulması haqda məlumatları daha çox səsləndirsinlər, faktları şişirtsinlər, Azərbaycan haqda qorxulu obraz yaratsınlar. Xaricdə erməni diasporunun və lobbisinin təsiri altında olan QHT-lərə də elə bu lazımdır. Formalaşan fikir isə bu qədər sadədir: Baxın görün, Azərbaycan öz vətəndaşlarına nələr edir? Gör, indi fağır, yazıq, sıravi Qarabağ ermənisinə necə “qan uddurar”?

Bir faktı xatırlayaq. Futbolçu Cavid Hüseynovun qohumu fotoreportyoru döydüyü üçün böyük və iyrənc kampaniyaya start verdilər. Məişət səviyyəsində cinayəti, hərlədib-fırladıb sifarişli-siyasi qətl adı qoyub, Qərbin anti-Azərbaycan hesabatlarına daxil edə bildilər. Kimə və nəyi sübut edəsən? Necə başa salasan ki, bu adi məişət səviyyəli mübahisədir, və bizdə beyniqanlı gənclər tərəfindən söyüş rahatlıqla həzm olunmur. Almaniyalı futbolçu Millerin bibisi oğlu Milleri sosial şəbəkədə təhqir edən alman fotoreportyoru “söhbətə” çağırarmı? Lap tutaq ki, çağırdı və dava düşdü və fotoreportyor ağır xəsarət alıb, dünyasını dəyişdi. Təbii ki, bədduanı, xoş olmayanı heç kimə arzulamırıq. Belə bir hadisə baş versə, Merkel hökuməti Qərb mətbuatı tənqid edərmi? Təsəvvür edirsinizmi, belə bir hadisəni? Adamı maşın vurdu, küçədə davada yaralandı, terrorçu bomba partlatdı, xəstəxanada alovdan yararlanan oldu, daşqın, sel kənd təsərrüfatına ziyan vurdu, buna görə Merkeli qınayan olarmı? Xarici mətbuat bu haqda nəsə yazarmı, hesabatlara salınarmı?

Müxalif fikirli bir nəfərlə virtual mübahisəmiz oldu. Binəvanı gözəl anlayırdım, beyni yuyulub, qara və bozdan başqa heç nə görmür. Söhbət əsnasında məlumatları haradan aldığı ilə maraqlandım. Cavab verdi ki, sosial şəbəkələr və mənsub olduğu partiyaya yaxın saytlardan. Bəs alternativ məlumatı haradan alırsınız? Cavab kədərli idi: Nə alternativ mənbə? AzTV-yə baxmalıyam?

Aha, dur, cavan oğlan! Sizcə, “Rəsmi məlumatlara inanmaq olmaz” fikri kütlənin beyninə nəyə görə yerləşdirilir ki? “Rəsmi statistika hamısı yalandır. Nəinki inanmaq, heç oxumaq da lazım deyil. Ancaq müxalifət mətbuatı doğrunu yazır, ancaq söyüş söyən səhifələr vətənpərvərdilər?”. Həmsöhbətim etiraf etdi ki, indiyə qədər bu barədə düşünməyib. Elə isə sizlərin ideoloqlarınız, yalan texnologiyalarının ideya müəllifləri niyə ələ salmaq, aşağılamaq üçün AzTV-dən sitat gətirirlər? Niyə özləri baxırlar, bir halda ki, yalanı təbliğ edir?

Bu sofistikanın uzuc formulu var: qoy bütün yaxşı insanlar birləşsin və pis insanlara qarşı mübarizə aparsınlar”. Bir sözlə, “yaxşı və pis”, “xeyir və şər” nağılları. Bu tezislərin alt qatındakı gizli mətləb isə “Azərbaycan xəstədir və xəstəliyindən xəbəri yoxdur” mesajıdır. Gəlin onu müalicə edin, biz yararlanaq deyirlər. Halbuki, hər diaqnoz qoyan həkim deyil. Yaddan çıxardırlar ki, insanı müalicə etmək üçün isə başına kualtla vurmurlar.

Ölkə iqtisadiyyatının genişlənməsi və inkişafı, korrupsiyanın aşağı salınması üçün təkcə mitinq təşkili (hərçənd bunun özü də böyük miqdarda xarici qrantın silinməsinin bir formasıdır), sosial şəbəkələrdə söyüş söyməklə iş bitmir.

Və bir də... eyni zamanda həm vətənpərvər, həm satqın olmaq mümkün deyil.



Teqlər: Sosial-şəbəkə   Böhtan-kampaniyası   Dezinformasiya  





Xəbər lenti