"Çəkilişlərdən Bulvar İdarəsi məlumatlı olmalıdır" - AÇIQLAMA

   "Çəkilişlərdən Bulvar İdarəsi məlumatlı olmalıdır" -   AÇIQLAMA
  29 Mart 2023    Oxunub:774
“Dənizkənarı Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmayıb, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmayıb”.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Tahirə Qarabəyli bildirib.

Onun sözlərinə görə, Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar və turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə edilməyib:

“Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək və məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə İdarənin əraziyə ümumi rəhbərlik və nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini də əhatə edir.

Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir”.

AzVision.az


Teqlər:





Xəbər lenti