"Göyçədə dağıdılan Aşıq Ələsgər heykəlinin bərpasına Bakıdan başlayırıq" - Deputat

   "Göyçədə dağıdılan Aşıq Ələsgər heykəlinin bərpasına Bakıdan başlayırıq" -    Deputat
  01 Oktyabr 2024    Oxunub:2188
"Əsrlərdir müsəlmanlar arasında konsensusa gəlinməyən mövzulardan biri namazın icra formasıdır. Peyğəmbərimizin hansı formada namaz qılmasını sübut etmək üçün çeşidli hədislər də dini ədəbiyyatda yer almaqdadır. Halbuki burada önəmsəniləcək tək bir məsələ var: o da namazın ideyası, onun məqsədi və insandan tələb olunan mənəvi öhdəliklərdir".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu forma savaşı müsəlman arealında digər məsələləri kölgədə qoyaraq ideoloji ziddiyyətləri, hətta düşmənçilikləri daha da dərinləşdirib:

"Digər məsələlərdə də belədir, mahiyyət üzrə müzakirədən yayınanlar yaxud bu mövzuda ağlının imkanlarını paslandıranlar diqqəti daha çox formal ritualların, bayağı mövzuların mübahisəsinə çevirirlər. İnsanların ağıllı və ya axmaq olması təbii ki, şərti bölgüdür. Bu, yalnız onların mühakiməsi, müzakirə etdiyi mövzu, yaşam tərzi və ya başqa meyarlarla üzə çıxa bilər. Hər dəfə çağırış edirsən ki, gəlin "filan müğənninin baldırı göründü", "kiməsə toyda söz atdılar", "kimsə iclasda kipriyini gec qaldırdı" kimi mövzuları buraxaq, məsuliyyətli insanlarımız isə qaragüruh aurasından özünü ayırıb düşüncə həyatımızı daha faydalı, sağlam, strateji xeyri olacaq mövzulara, onların müzakirəsinə yönəltsin, kitabı, mütailəni təbliğ edək, kütləvi savadsızlaşmanın faciəsinə diqqət yönəldək və yaxşı mənada bir şeyləri dəyişməyə çalışaq. Güncəl sosial mövzular, sıxıntılar, özbaşınalıqlar, ədalətsizliklər, mədəniyyətsizliklər barədə də fikirmizi bildirək, təkliflərimizi verək, ideyalarımızı bir-birimizə ötürək ki, daha yaxşı Azərbaycan modelini tədricən qurmağa doğru praktik və nəzəri işlər görək.

Əvəzində yenə də "Aşıq Ələsgər" ideyasını, beynəlxalq siyasətdə istifadə etməyə çalışdığımız "Qərbi Azərbaycan" ideyasını bəsit bir texniki mövzuya çevirməklə məşğul olurlar. Təbii ki, sənət nöqteyi-nəzərindən bir heykəlin qoyulduğu yerə, hansısa uyğun gəlməyən detallara münasibət bildirən peşəkar insanlara deyiləcək bir söz yoxdur. Çünki sənətə baxış fərqli olmalıdır. Bunun estetik tərəflərini müzakirə etmək insanın düçüncəsinə müdaxilə olardı. Lakin bir çoxlarının Aşıq Ələsgərin sazı necə tutmasını müzakirə etməsi və əsas ideyanı bu texniki məsələ üzərindən mənasızlaşdırmağa çalışması aydın şəkildə sezilir.

Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından bixəbərəm, ancaq Aşıq Ələsgər obrazını canlandırmağımızdan xəbərim var. Xatırlayırsınızsa, ölkə prezidentinin Cocuq Mərcanlı adlı cəmi bir kəndimiz azad olanda ilk tapşırığı nə oldu? Orada hələ işğal altında olan Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin eynisini tikməyi. Yəni ideya Şuşanı azad edib, onun simvollarından biri olan Gövhər Ağa məscidini bərpa etmək idi. Şükürlər olsun ki, bu ideya böyük qələbəmizlə gerçəkləşdi. İndi də vaxtilə Göyçədə Zod kəndində ermənilərin vəhşicəsinə dağıtdığı Aşıq Ələsgər heykəlinin bərpasına Bakıdan başladığımızı bəyan edirik.

Günlərdir kitabsevərlər, dövlət qurumları çağırış edirlər ki, bir həftəlik kitab sərgisi keçiriləcək. Özlərini "axmaqların təmsilçisi" kimi təqdim edən bu siyasiləşmiş baboşların belə bir faydalı mövzuda bir ştrixini eşidirsinizmi? Dəstəkləyin də! Çağırış edin də! Özünüzü ağıllı cinahdan təqdim edin də! Xalq hamınındır, hamıdır, ancaq xalqı tarixdə yaşadan onun ağıllı, qəhrəman, aydın insanlarıdır. Dünyaya da bir xalq bu adların brendi ilə çıxır. Məzlum Məhəmmədhəsən əmi də, Usta Zeynal da, hətta Şeyx Nəsrullah da Böyük İşıq Mirzə Cəlillə yanaşı bu xalqın övladlarıdır. Ancaq bu xalqın dəyəri, cövhəri Məhəmmədhəsən əmi ola bilməz. Usta Zeynal, Şeyx Nəsrullah ola bilməz. Mirzə Cəlildir, Həsən bəy Zərdabidir, Hüseyn Caviddir, Mirzə Fətəlidir, Üzeyir bəydir və adlarını çəkə biləcəyimiz yüzlərlə aydınlar, qəhrəmandır, elm, sənət, siyasət adamlarıdır. Qarabağı işğaldan azad edən qəhrəmanlardır. O cümlədən ədəbi dilimizin varlığına ən böyük töfhə vermiş Vaqifdir, Aşıq Ələsgərdir".

Deputat onu da qeyd edib ki, fikirlərini təhrif edərək üzərinə gəlsələr də, əsas hədəfindən yayınmaq fikrində deyil:

"Bu millətin, xalqın burnunun ucundan azca da olsa irəlini görə bilən övladlarını fəallaşdırmaq, düşüncə həyatımızda sözünü deməyin bir borc olduğunu xatırlatmaq və gələcəyimizi yönləndirməyi bu qaragüruha tərk etməmək! Sadəcə qalstukundan və eynəyindən ziyalıya oxşayanlar da bunların küyünün dalınca sıraya düzülüb. Dinimizi necə ki, nadanlar, xurafatçılar, qaragürühçular işğal edib müsəlmanları vəhşi və cahil obrazda göstərməyə nail oldular, indi də cəmiyyəti bayağı mövzulara yönəldənlər, böyük aydınımız mərhum Xudu Məmmədovun dediyi kimi, ucuz qrafitlərin bolluğunda bahalı almazları yox etməyə çalışacaqlar. Əgər bizlər meydanı boş qoyarıqsa... Aşıq Ələsgərin sazı doğru-dürüst necə tutduğunu bilmirəm, ancaq sözü mükəmməl tutub. Hansı ki, iki əsrdir o sözün cazibəsində xoşallanırıq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: AşıqƏləsgər   millət   xalq  





Xəbər lenti