Azərbaycan Etnosport Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunur I VİDEO

30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən Türkiyədə keçirilən festivalda ölkəmiz Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atı ilə təmsil olunur.
Türk dünyasının milli mənəvi dəyərlərə bağlılığını özündə ehtiva edən və minlərlə ziyarətçi qəbul edən mötəbər tədbirdə “Zəfər” şou-kompozisiyasında özünəməxsusluğu ilə seçilən Qarabağ atları, Azərbaycan rəqsləri, milli musiqi və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi Qarabağ atları üzərində performanslar göstərib.
Tədbir çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev arasında görüş keçirilib, dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq ifadə edilib.
Bilal Ərdoğan Azərbaycan nümayəndə heyətinin festivala qatılmasından və sərgilədikləri möhtəşəm performansdan məmnunluğunu bildirib, milli sərvətimiz olan Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin çıxışları mayın 25-dək davam edəcək.
AzVision.az
Teqlər: