Bu, ətdirsə, pişik hanı? – FELYETON

Bu, ətdirsə, pişik hanı? – FELYETON
  19 Avqust 2013    Oxunub:1670
Gəlin, balaca bir hesab dərsi ilə məşğul olaq. Milli Şuranın 130 nəfər üzvü var. Tutaq ki, Milli Şuranın üzvü oldu-olmadı, fərqi yoxdur, hər bir insanın ərk edib harasa çağıra biləcəyi ən azı 10 nəfər dostu-tanışı-qohumu olur. Əgər 130 nəfər üzvün hər biri çox yox, cəmisi 10 nəfəri mitinqə gətirə bilsəydi, sürücülük məktəbinin həyətində təxminən elə mitinqdəki qədər adam olacaqdı. Bəlkə də bir az daha artıq.

Amma Milli Şurada toplaşanların hamısı nəzəri cəhətdən ictimai-siyasi fiqurlardırlar axı… Yəni 10 adamdan daha artığını gətirə bilməliydilər. Tutaq ki, Milli Şuranın hər üzvü meydana 20 nəfər gətirə bilsəydi, mitinqdə dünənkindən daha artıq adam olacaqdı. Demək, Milli Şuranın 1 üzvü meydana 20 nəfər çıxarmağa qadir deyil. Onların ictimai-siyasi çəkisi 20 nəfər adam qədər gəlmir.

Yaxış, bəs Milli Şurada birləşən partiyalar? Bir pariya çox yox, 300-400 adam çıxara bilsəydi, sürücülük məktəbinin həyəti tamamilə dolmuş olardı. Halbuki, təkbaşına heç olmasa azı min nəfəri meydana çıxarmaq partiya üçün problem olmamalıdır. Əgər o, doğrudan da partiyadırsa…

Tutaq ki, meydana toplaşanlar İsanın, Əlinin, Eldarın və digərlərinin hər birinin yığdığı 15-20 adamların cəmi idi. Elə isə əsas sual: bəs onda Rüstəm İbrahimbəyovun tərəfdarları hanı? Molla Nəsrəddin demişkən, bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?

Demək, belə çıxır ki, əgər mitinqə gələnlər Milli Şuradkı şəxslərin tərəfdarları idilərsə, onda Rüstəm İbrahimbəyovun özünün “tərəfdar” adlana biləcək heç nəyi yoxdur. Başqa sözlə, sosial bazası yoxdur. Əgər bir “lider”in adı mitinqə heç olmasa 500 nəfəri çəkib gətirə bilmirsə, o, seçkidə nə qədər səsə ümid edə bilər?

İndi o suala aydınlıq gətirmək lazımdır ki, tərəfdarı olmayan şəxsi vahid namizəd seçənlər haraları ilə bu qərarı qəbul ediblər? Bəzi müxalif yazarlar indi-indi bunu anlamağa başlayıblar və soruşurlar: Biz Rüstəmi hansı ağılla vahid namizəd seçmişik? İndimi sizə çatıb? Biz bu sualı ilk gündən verirdik axı…

Mitinqdəki çıxışlarda isə ziddiyyətlər o qədər idi ki, mitinqə gələnlərin onun qurtarmasını gözləmədən dağılışmalarını çox yaxşı anlamaq olur. Bütün çıxış edənlər deyirdilər: “Bizim vahid namizədimiz var”. Sonrakı cümlələr isə belə gəlirdi: “Bir neçə namizədin üzərində dayanacağıq”. Soruşan gərək: vahid namizədiniz varsa, bir neçə namizədin üstündə niyə dayanacaqsınız? Yoxdursa, niyə deyirsiniz ki, var?

Çıxışlardan başqa bir tezis: “Hakimiyyət bizə mitinqə keçirməyə mane olur”. Nə edib mane olur? Yer istədiniz – verdi, başqa nə etməlidir? Bəlkə Günəşi söndürməli idi ki, başınıza isti vurmasın?

Digər tezis: “Hakimiyyət Rüstəm İbrahimbəyovdan qorxduğu üçün onun gəlməsinə əngəl törədilir”. Axı bu Rüstəm haçan gəldi və ona da əngəl törətdilər? Bu adam sadəcə, özü gəlmir.

Əlqərəz, Milli Şuranın mitinqində ancaq bircə mənalı çıxış oldu. Bu da Müslüm Maqomayevin “Çao, Bella” mahnısının oxudulması idi. Amma müğənni vaxtında bilsəydi ki, onun mahnısını harada və necə, kimlərin çıxışlarının yanında oxdacaqlar, bəlkə də bu mahnını heç ifa etməzdi…

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti