Həyatın mənası nədir? – ELMİ CAVAB

Həyatın mənası nədir? – ELMİ CAVAB
  06 Yanvar 2018    Oxunub:53219
Bu sualın üzərində əsrlərlə çox dahilər düşünüblər, çox qələmlər qırılıb, amma cavab hələ də yoxdur. Səbəb sadədir: Biz həmin cavabı yanlış sferalarda - fəlsəfədə, ilahiyyatda, psixologiyada, hətta ədəbiyyatda axtarırıq. Halbuki, həyatın ədəbi-fəlsəfi-psixoloji deyil, bioloji hadisə olduğunu nəzərə alsaq, cavabı məhz biologiyada axtarmaq lazımdır.
Həyatın mənası haqqında suala cavab vermək üçün ilk növbədə bunu aydınlaşdırmaq lazımdır ki, ümumiyyətlə, həyatın özü nədir? Sadə desək, həyat – fərdin özündən əvvəlki nəsildən aldığın genetik informasiyanı sonrakı nəslə ötürməsi prosedir. Canlılar aləminə fikir verin: primitiv bakteriyalardan tutmuş, ali varlıq insana qədər hamısının öz ömür müddətində gördüyü (yaxud, görməli olduğu) iş mahiyyətcə bundan başqa heç bir şey deyil: özündən əvvəlki bioloji vahiddən genetik informasiyanı qəbul edir, üzərində öz yaşamı ərzində düşdüyü yeni şəraitlərə uyğun cüzi “redaktə” aparır və özündən sonrakı bioloji vahidə ötürür. Beləcə, genetik informasiya nəsildən-nəslə keçdikcə, cüzi redaktələr toplanır və gen “kitab”ına bir yeni hərf artırılır, yaxud, dəyişdirilir.

Biz insanlar səhvən özümüzü həyatın obyekti kimi qəbul edirik ki, əslində bu, bizim ənənəvi eqosentrist düşüncəmizdən doğan bir ilğım, bir illüziya, ciddi yanlışlıqdır. Həyatın obyekti fərdlər deyil, genlərdir. Həyatın əsas axarı olan Təkamül prosesi fərdlərə yox, məhz genlərə tətbiq olunur. Məqsəd genlərin A nöqtəsindən B nöqtəsinə qədər dəyişməsidir. Bir fərd öz ömür müddətində bununla bağlı heç nə hiss etmir, ona görə də, “Həyata nə üçün gəlmişəm” deyə, gözlərini döyür. Bəşəriyyət sadəcə olaraq, genetik informasiyanın saxlandığı və redaktə olunduğu zəmin, mühit rolunu oynayır. Hamımız bütövlükdə və hər birimiz ayrılıqda həmin mühiti yaradırıq. Kobud desək, bizim bədənimiz içində genlərin saxlanıldığı, “redaktə olunduğu” və sonrakı nəslə ötürüldüyü bir kolbadır. Ətdən və sümükdən ibarət kolba.

Biz həmişə məsələyə əks tərəfdən baxdığımıza görə, elə bilirik ki, genlər bizim var olmağımız üçün yaradılıb və hazırda bizi təkamül etdirir. Əslində tam tərsinədir, məsələyə diametral əks tərəfdən baxmaq lazımdır: Biz, yəni bədənimiz, beynimiz, şüurumuz, hisslərimiz – bunların hamısı ona görə mövcuddur ki, genlər – Nukleotidlərdən ibarət 4 “hərf”lə “yazılmış” bu proqramlar, - saxlanılsın, redaktə olunsun və sonrakı nəslə ötürülsün.



Konkret bir fərdin varlığının isə həyat üçün heç bir əhəmiyyəti yoxdur. Bizim hisslərimiz, düşüncələrimiz, şəxsiyyətimiz özümüzə dəyərli görünə bilər, amma bunların hamısı bir məqsəd üçün mövcuddur. Sevgi, qısqanclıq, qəzəb, paxıllıq, qorxu, hərislik, darıxmaq, həsrət... bunlar və daha necə hisslərin hamısı genləri qorumağa və sonrakı nəslə ötürməyə xidmət edən yardımçı mental proqramlardırlar. Yer üzündə sadədən mürəkkəbə qədər bütün orqanizmlərin əsas məqsədi öz ehtiyaclarını, tələblərini təmin etməkdən ibarətdir. İnsan da, həşəratlar da, balıqlar da, quşlar da – hamısı anadan olduğu andan bütün fəaliyyətini və davranışlarını məhz ehtiyaclarının təmin olunmasına yönəldir. Ehtiyaclar isə nə qədər müxtəlif olsa da, əsasən 3 kateqoriyada qruplaşdırıla bilər: Təhlükəsizlik, Qidalanma, Çoxalma. Siz nəyəsə “sevgi” adını qoyub, şeir yaza bilərsiniz, amma əslində bu, bizim növün çoxalmasını təmin etmək məqsədi daşıyan mental proqramdır. Və hamısı da onun üçündür ki, biz vaxtından qabaq ölməyək və nəslimiz kəsilməsin, genlərimiz təkamül yolçuluğuna davam edə bilsinlər.

Aydındır ki, məsələn, 100 il əvvələ qədər həyata bu prizmadan baxmaq mümkün deyildi: bəşəriyyətin malik olduğu informasiya baqajı bu cür düşünmək üçün lazım olan təfəkkür tərzini formalaşdırmaq üçün kifayət etməzdi. Amma bu gün bizim paleontologiyadan tutmuş, genetikaya qədər son 100 ildə böyük inkişaf keçmiş müxtəlif elm sahələrində kifayət qədər biliklərimz var, ona görə də, məsələyə yeni bucaq altında və diametral əks istiqamətdən baxa bilərik. Bu cür baxanda aydın olur ki, ayrıca bir insan üçün həyatın, həyat üçün də ayrıca bir fərdin heç bir mənası yoxdur. Bizim missiyamız aldğımız genləri saxlayıb, ehtiyac olanda “redaktə edib”, sonrakı nəslə ötürməkdir. Bununla da vəzifə tamamlanır.



Bu cür bioloji təfəkkürün əlçatan olmadığı dövrlərdə həyatın mənası əsasən dini paradiqmalar çərçivəsində axtarılıb. Ezoterikada müxtəlif maraqlı, cazibəli versiyalar ortaya atılıb. Məsələn, “İnsanın həyatı Yaradanın yuxusudur”, “İnsan həyata imtahan üçün gəlib”, “İnsan – Kainatın özünü dərk etmək cəhdidir” və sair və ilaxır... Onların çoxu bu gün də yaşayır, xeyli tərəfdarları da var, amma bizim üçün maraqlı deyillər. Biz ancaq rasional düşüncə çərçivəsində cavab axtarmağa üstünlük veririk.

Bioloji təfəkkürün verdiyi cavab ilk mərhələdə sizə bəlkə də alçaldıcı görünə bilər; "ali məxluq" insanın rolunun və əhəmiyyətinin azaldıldığını zənn edə bilərsiniz. Amma fikir verin ki, elm inkişaf etdikcə insanın bəşəri “mən”i getdikcə kiçilir. Vaxt var idi, insan əmin idi ki, Kainat onun üçün yaradılıb: Günəş onun üçün işıq salır, uduzlar onun üçün parlayırlar, sular onun üçün axır, ağaclar onun üçün çiçəkləyirlər. Və əgər bu boyda Kainat sənin üçün yaradılıbsa, demək, bu, boşuna ola bilməz, demək, sənin həyatının mütləq hansısa böyük Mənası olmalıdır. Həyata mütləq hansısa metafizik, ezoterik məna yükləmək istəyi bu primitiv düşüncədən qaynaqlanır. Bu gün isə biz bilirik ki, Kainat insan üçün yaradılmayıb. Kainatın yaşını 1 il miqyasına qədər kiçiltsək, insan onun son saniyəsində meydana çıxıb. Kainat 14,5 milyard il insansız mövcud olub, tamamilə mümkündür ki, insan bioloji növ kimi məhv olandan sonra Kainat varlığına hələ azı yüz milyard il də insansız davam etsin. Bu, onun heç vecinə də olmayacaq. Bir halda ki, belədir, öz varlığımıza Kainat miqyaslı böyük missiyalar yükləmək azarından da qurtulmalıyıq.



Kainatın bizim üçün yaradılmadığını anlayandan sonra dərk etməliyik ki, Həyat da bizim üçün deyil. Biz Həyat üçünük. Yer kürəsində son 3 milyard ildə, ilk bakteriyaların yaranmasından üzübəri dayanmadan genlərin təkamülü prosesi gedir ki, bizim “Həyat” dediyimiz fenomen əslində məhz budur. Biz, sadəcə, həmin prosesin halqalarından biriyik. İki milyard il bundan əvvəl qızmar Yer planetinin hansısa daşında məhv olmuş bakteriya Həyat üçün nə qədər əhəmiyyatli idisə, bu gün Azərbaycanda yaşayan hansısa konkret Məmməd də o qədər əhəmiyyətlidir. Nə az, nə də çox; Çünki ikisi də prosesdə eyni missiyanı yerinə yetiriblər – genləri saxlayıb, “redaktə edib” və sonrakı nəslə ötürüblər (yaxud, ötürməli idilər).

Biz – yəni indiki insanlar,- əlbəttə ki, prosesdə son halqa deyilik; bizdən 100 min il öncə insanlar başqa cür olublar, 100 min il sonra başqa cür olacaqlar. Bizim ömrümüz – gələcəkdə mövcud olacaq insanların genləri üzərində gedən redaktə prosesidir. Bizdən əvvəlkilərin də ömrü mahiyyətcə bu idi, sonrakılar da bu olacaq. Ömrün mənası və bizə ayrılan vaxtın səbəbi məhz bundadır.

Əlbəttə, mən başa düşürəm ki, əslində Həyatın yox, “Ömrün mənası nədir?” sualına cavab verdim. Amma siz də etiraf edin ki, “həyat” deyəndə çoxları elə məhz öz ömrünü nəzərdə tutur. Böyük mənada Həyatın Mənası isə bir ayrı söhbətin mövzusudur.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Elm   #Həyatın-mənası  





Xəbər lenti